'Sayımız azalır'. Sibirin yerli xalqları Ukrayna müharibəsinə daha çox cəlb olunur

Fedor İvaşşukla vida mərasimi

Rusiyanın Xabarovsk diyarının Ulç rayonundakı kəndlərdə hər üç əməkqabiliyyətli kişidən biri Ukraynadakı müharibəyə səfərbər edilib, ya da müqavilə ilə cəlb olunub. Onların çoxu artıq həlak olub.

AzadlıqRadiosunun "Sibir.Realii" layihəsi yazır ki, bu yerlərdən işğalçı müharibəyə göndərilən əsgərlər, əsasən, kiçik yerli xalqları təmsil edir – nanaylar, udegeylər, evenklər və ulçiləri.

Xabarovskdan 7 min kilometr məsafədə, Amur çayının sağ sahilində, təxminən 150-yə yaxın şəxsi yaşayış evi var. Onlardan bəziləri ulçi xalqına məxsus ağacdan tikilmiş milli evlərdir. Burası Yelabuqa kəndidir.

Ulç rayonunun sakini Dayuma (təhlükəsizlik məqsədilə müsahiblərin adları dəyişdirilib) danışır ki, 2021-ci ilin rəsmi siyahıyaalmasında kəndin əhalisi 416 nəfər olub. Əslində real rəqəm bundan az imiş, axı kimsə Xabarovska, daha uzağa köçəndə qeydiyyatını dəyişmirdi: "Sayımız azalır. İndi Yelabuqada 200, 250 nəfər qalmışıq. Çünki SVO (Kreml Ukraynadakı müharibəyə "xüsusi hərbi əməliyyat" deyir) gedir".

Xabarovsk diyarında ülçilər

"Bilmirəm, orada nə qədər qazanırlar"

"Sibir.Realii" yazır ki, 2020-ci il siyahıyaalmasının nəticələrinə görə, bütün Rusiyada ulçilərin sayı 2 min 481 nəfər olub. Onların 90 faizindən çoxu Xabarovsk diyarının Ulç rayonunda yaşayır. Ötən il hakimiyyət şimalda yerli icmalara qrantlar paylamışdı. Yelabuqa icması müsabiqəyə Ukraynadakı müharibə iştirakçılarına odun, ərzaq, humanitar yardım, psixoloji və hüquqi dəstək göstərilməsini nəzərdə tutan layihə ilə qatılıb. Qrant müraciətində təkcə Yelabuqadan 15 kişinin səfərbər olunduğu, daha 10 nəfərin müqavilə imzaladığı yazılıb. Yəni, bu kənddən hər üç əməkqabiliyyətli kişidən biri cəbhəyə gedib. Ümumilikdə kənddə səfərbər olunan və müqaviləli 25 hərbçi ailəsi var. Rusiya hakimiyyəti bütün bu ailələrə dəstək üçün icmaya 1.3 milyon rubl qrant ayırıb. Maliyyə Nazirliyinin məlumatına görə, Rusiya Ukraynadakı müharibəyə günə təxminən 30 milyard rubl xərcləyir.

Dayuma deyir ki, müharibəyə gedən 25 nəfərin, demək olar, hamısı yerli azsaylı xalqları təmsil edir: "Əsasən ulçilər və nanaylar, amma rayon üzrə udegeylər və evenklər də səfərbər olunub. Kimsə metisdir, amma yerli xalqlardan qohumları var".

O, məktəblərdə xatirə lövhələri asıldığını əlavə edir.

2023-cü ilin oktyabrında Ulç rayonunun Dudi kəndindən həlak olan Sergey Kovalın müharibəyə könüllü getdiyi deyilsə də, qohumları onun kontrakt imzalamağa məcbur edildiyini danışırlar.

Amma könüllü gedənlər də var. Dudi kəndindən Denis Sizimov kimi. Kəndin Oksana adlı sakini deyir ki, peşəsinə uyğun iş tapmayıb, kiçik oğlu da var: "Bilmirəm, orada nə qədər qazanırlar. Amma ölənlərin ailələri üçün sosial şəbəkələrdə ianə yığılır".

Sergey Kovalın "Qəhrəman masası"

Hər 10 min nəfərə 95

2025-ci ildə Rusiya hökuməti "yerli azsaylı xalqların davamlı inkişafı" adlı yeni konsepsiyanı təsdiqləyib. Onun icrasına 2026-cı il yanvarın 1-dən başlanacaq, 2036-cı ilə qədər müddəti nəzərdə tutur. Sənəddə deyilir ki, Rusiya hakimiyyətinin əsas məqsədi Şimal, Sibir və Uzaq Şərqin yerli xalqlarının iqtisadi, sosial və mədəni inkişafına nail olmaqdır.

Xabarovsk diyarının Yerli Azsaylı Xalqlar Assosiasiyasının prezidenti Lyubov Odzyal 2024-cü ilin aprelində bir tədbirdə deyib ki, diyardan yerli xalqların azı 200 nümayəndəsi səfərbər olunub.

"2021-ci il siyahıyaalmasında Xabarovsk diyarının əhalisi 1.29 milyon nəfər olub. Bu rəqəmin 21 min 129 nəfəri yerli xalqların təmsilçiləridir... Beləliklə, diyarın qeyri-yerli əhalisindən səfərbər olunanların sayı hər 10 min nəfərə 34-dir, amma yerli xalqlar üçün bu rəqəm hər 10 min nəfərə 95-dir", – bunu isə buryat fəal, ABŞ-nin Notr-Dam Universitetinin elmi işçisi Mariya Vyuşkova hesablayıb.

"Rəqəmlər özü danışır. Yerlilər həqiqətən də daha çox səfərbər olunublar", – o deyir.