Baş prokuror Kamran Əliyevin məhkəmədə dindirilməsi tələb olunur

Baş prokuror Kamran Əliyev

Baş prokuror Kamran Əliyevin məhkəməyə çağrılıb dindirilməsi tələb olunub. Həbsdə olan jurnalist, "ToplumTV"nin əməkdaşı Fərid İsmayılov dekabrın 1-də öz məhkəməsində bu barədə vəsatət qaldırıb.

F.İsmayılov, eləcə də "ToplumTV işi" üzrə mühakimə olunan daha səkkiz nəfərin işinə, aylardır, Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Ötən məhkəmə iclasında prokuror Rauf Malışovla təqsirləndirilən şəxslərdən F.İsmayılov arasında mübahisə yaranmışdı. Dekabrın 1-dəki məhkəmədə vəsatət qaldıran jurnalist deyib ki, belə prokurorun onun işi üzrə dövlət ittihamçısı qismində iştirakına etiraz edir. O vurğulayıb ki, prokuror təqsirləndirilən şəxslərlə kobud danışır, şahidlərə təzyiq göstərir: "Bu cür davranışı olan birinin mənim işimdə ittihamçı kimi iştirakına etiraz edirəm".

F.İsmayılov baş prokuror Kamran Əliyevin məhkəməyə gəlməsi barədə vəsatət qaldırıb. O, vəsatətini belə əsaslandırıb: "Mən Kamran Əliyevin korrupsiyası barədə materiallar hazırlamışam. Onun tabeliyində olan işçilərin heç biri burada obyektiv ola bilməz. Ona görə tələb edirəm ki, özü gəlsin. Gəlib mənim cinayətimi sübut eləsin".

Azər Tağıyevin sədrlik etdiyi hakimlər kollegiyası vəsatəti təmin etməyib.

Dekabrın 1-də "ToplumTV işi" üzrə məhkəmədə bir neçə şahid də dindirilib. Onların arasında Demokratik Təşəbbüslər İnstitutunun jurnalistika, layihə menecerləri təlimlərinə tələbə və təlimçi kimi qatılmış şəxslər vardı.

"ToplumTV işi" üzrə məhkəmə prosesi dekabrın 8-də davam edəcək.

Xatırlatma

"ToplumTV işi" üzrə həbslər ötən ilin martından başlanıb. Həmin vaxt bu işlə bağlı 7 nəfər, o cümlədən ToplumTV-nin təsisçisi, media hüquqçusu Ələsgər Məmmədli, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri, eyni zamanda III Respublika Platformasının spikeri Akif Qurbanov qaçaqmalçılıq ittihamıyla həbs ediliblər. O zaman jurnalist Fərid İsmayılovElmir Abbasov haqqında alternativ qətimkan tədbiri seçilsə də, F.İsmayılov 2025-ci ilin yanvarında həbs olunub.

"ToplumTV işi" üzrə təqsirləndirilənlərə istintaqın sonunda qaçaqmalçılıqla yanaşı, cinayət yolu ilə əldə edilmiş külli miqdarda əmlakı leqallaşdırma, qanunsuz sahibkarlıq, vergidən yayınma, əmək müqaviləsi olmadan işçiləri cəlb etmə və başqa ittihamlar da elan edilib. Onlara ittiham verilən maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.

Bütövlükdə 2023-cü ilin noyabrından bəri Azərbaycanda qruplar halında 30 nəfərdən çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onların hamısı ittihamları qəbul etmir, peşə fəaliyyətlərinə görə siyasi sifarişlə həbs olunduğunu deyir.

Rəsmilər, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim peşə fəaliyyəti baxımından, siyasi motivlərlə həbs edilmir. Onların iddiasına görə, həbs olunanlar törətdikləri əməl üzündən cinayət məsuliyyətinə cəlb ediliblər.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılarda indi Azərbaycan həbsxanalarında 400-ə yaxın siyasi məhbusun adı çəkilir.