'Necə olur, bu qədər jurnalist qaçaqmalçılıq edir, İlham Əliyev gömrüyün sədrini mükafatlandırır?'

Fərid İsmayılov

"ToplumTV"nin həbsdə olan əməkdaşı Fərid İsmayılov Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırovun məhkəməyə çağrılıb dindirilməsini istəyir. Jurnalist noyabrın 24-dəki məhkəmədə bu barədə vəsatət qaldırıb.

"ToplumTV işi" üzrə təqsirləndirilən 9 nəfərin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Təqsirləndirilən şəxslər arasında internet televiziyasının təsisçisi, media hüquqçusu Ələsgər Məmmədli, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov, jurnalistlərdən Müşfiq Cabbarov, Əli Zeynalov və digərləri var.

F.İsmayılov iki ildə 30-a yaxın jurnalist və ictimai fəalın, o cümlədən "ToplumTV", "MeydanTV", "AbzasMedia" əməkdaşlarının valyuta qaçaqmalçılığı ittihamıyla həbs olunduğunu, bu ilin yanvarında isə Dövlət Gömrük Komitəsi sədrinin 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeniylə təltif edildiyini xatırladıb: "Necə olur, bu qədər jurnalist qaçaqmalçılığa görə həbs olunur, o biri tərəfdə də İlham Əliyev Şahin Bağırovu "Vətənə xidmətə görə" ordeni ilə mükafatlandırır? Əgər bu jurnalistlər doğrudan da qaçaqmalçılıq edibsə, ölkəyə qanunsuz yollarla pul gətiribsə, o zaman gömrükçülər hara baxırdılar? Şahin Bağırov gəlsin, cavab versin".

DGK sədri Ş.Bağırovun məhkəmədə dindirilməsi barədə vəsatət təmin olunmayıb. Məhkəmə prosesinə sədrlik edən hakim Azər Tağıyev deyib ki, bu məsələnin "ToplumTV" ilə bağlı cinayət işinə aidiyyəti yoxdur.

Müşfiq Cabbarov

"Birbaşa Rusiyaya evlərinə yola saldılar"

"ToplumTV"nin digər əməkdaşı Müşfiq Cabbarov bildirib ki, ilyarımdan çoxdur həbsdə saxlanılır, amma nədə suçlandığı, hansı cinayəti törətdiyi hələ də ona məlum deyil. Əleyhinə nə bir sübut, nə bir şahid ifadəsi olduğunu deyən M.Cabbarov ittihamın mahiyyətinin ona izah edilməsini istəyib. O vurğulayıb ki, yaxınlarda "Sputnik-Azərbaycan"ın əməkdaşları ilə bağlı baş verənlər bu ölkədəki gerçəklərin nədən ibarət olduğunun sübutudur: "Onları guya ev dustaqlığına buraxdılar. Ev dustaqlığında olan adamlar vaxtında istintaqa gedib-gəlməlidir. Amma onlar necə oldular? Buraxdılar, təyyarəyə qoyub birbaşa Rusiyaya evlərinə yola saldılar. Onlar istintaqın çağırışına necə gələcəklər? Bütün bunlar göstərir ki, hər şey formaldır, istədiklərini edirlər...".

Ruslan İzzətli

"Məni də "Toplum" işinə qoşublar"

Təqsirləndirilən şəxslərdən III Respublika Platformasının Qurucu Heyət üzvü Ruslan İzzətli özünün ev dustaqlığına buraxılması haqda vəsatət qaldırıb. O özüylə bağlı heç bir sübut-dəlilin ortaya qoyulmadığını, "ToplumTV"yə heç bir aidiyyəti olmasa da, iki ilə yaxındır həbsdə saxlandığını söyləyib: "Əgər, siz iddia etdiyiniz kimi, doğrudan da ədalətli olsanız, məni buraxmalısınız. Çöldə olsam, nəyə, kimə təsir göstərəcəyəm? Mənim "ToplumTV"yə aidiyyətim olmayıb. Bir adam mənim adımı çəkmir. Necə ki Fərid Mehralızadəni həbs eləmək üçün "AbzasMedia" işinə qoşdular, məni də "Toplum" işinə qoşublar".

R.İzzətlinin ev dustaqlığına buraxılması barədə vəsatət də rədd edilib.

Noyabrın 24-dəki məhkəmədə 12 şahid dindirilib. Onların çoxu istintaq vaxtı təzyiqlə üzləşdiyini, telefonlarının alındığını, hədələndiyini deyib.

"ToplumTV işi" üzrə məhkəmə prosesi dekabrın 1-də davam edəcək.

Xatırlatma

"ToplumTV işi" üzrə həbslər ötən ilin martından başlanıb. Həmin vaxt bu işlə əlaqədar 7 nəfər, o cümlədən "ToplumTV"nin təsisçisi, media hüquqçusu Ələsgər Məmmədli, III Respublika Platformasının spikeri Akif Qurbanov qaçaqmalçılıq ittihamıyla həbs olunublar. O zaman jurnalist Fərid İsmayılov və Elmir Abbasov haqqında alternativ qətimkan tədbiri seçilsə də, F.İsmayılov bu ilin yanvarında həbs edilib.

"ToplumTV işi" üzrə təqsirləndirilənlərə istintaqın sonunda qaçaqmalçılıqla yanaşı, cinayət yolu ilə əldə edilmiş külli miqdarda əmlakı leqallaşdırma, qanunsuz sahibkarlıq, vergidən yayınma, əmək müqaviləsi olmadan işçiləri cəlb etmə və başqa ittihamlar da elan edilib. Onlara ittiham verilən maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.

Bütövlükdə 2023-cü ilin noyabrından bəri Azərbaycanda qruplar halında 30 nəfərdən çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onların hamısı ittihamları qəbul etmir, peşə fəaliyyətlərinə görə siyasi sifarişlə həbs olunduğunu deyir.

Rəsmilər, bir qayda olaraq, ölkədə heç kimin peşə fəaliyyətinə görə, siyasi motivlərlə həbs olunmadığı söyləyir və iddia edirlər ki, həbsdəkilər törətdikləri əmələ görə cinayət məsuliyyətinə cəlb ediliblər.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, indi Azərbaycan həbsxanalarında 400-ə yaxın siyasi məhbus var.