Türkmənistanda çoxarvadlılıq 'normaya çevrilib'

Türkmən qadınlar

Xülasə

  • Türkmənistanda çoxarvadlılıq əvvəlkindən daha çox yayılıb. Hətta bəzi ailələr qızlarının varlı kişilərin ikinci arvadı olmasına razılıq verirlər
  • "60 yaşlı varlı kişi 18 yaşlı, məktəbi təzə bitirmiş qızı özünün beşinci arvadı etdi".
  • ""Başqaları nə deyər" anlayışı da rol oynayır. "40 yaşınacan doğmaq lazımdır" fikrini ortaya atanlar da var".

Türkmənistanda çoxarvadlılıq qanunla qadağandır, amma geniş yayılıb. Bir kişinin bir qadınla qanuni nikahda olması, amma bir neçə qadınla yaşaması getdikcə türkmən cəmiyyətində norma sayılır. AzadlıqRadiosunun türkmən xidməti – "Radio Azatlık" bunun səbəblərini araşdırıb.

"Türkmənistanda çoxarvadlılıq əvvəlkindən daha çox yayılıb. Hətta bəzi ailələr qızlarını varlı kişilərin ikinci arvadı olmasına razılıq verirlər", – radionun Türkmənistandakı müxbirləri belə deyirlər.

Lebapdakı müxbir bunu türkmən xalqının tarixi keçmişi ilə müqayisə edir: "Keçmişdə varlı şəxsin bir neçə arvadı olurdu. İndi də daha zənginlər gənc qızlarla evlənirlər. 60 yaşlı varlı kişi 18 yaşlı, məktəbi təzə bitirmiş qızı beşinci arvadı etdi. Belə adamların birinci həyat yoldaşları bunu anlayır, öz həyatlarından məmnundurlar. Pulu olanlar arvadlarına ev alırlar, onlar da dünyaya uşaq gətirirlər".

Türkmənistanda qanunvericilik çoxarvadlılığa icazə vermir. Ailə Məcəlləsinə görə, vətəndaş yalnız bir şəxslə nikah bağlaya bilər.

Birdən çox arvadı olanlar dini nikaha girirlər. Amma bunu etməyənlər də var. "Onlar adətən imkansız qadınlardır", – türkmən xidmətinin müxbiri bildirir.

Türkmənistanda çoxarvadlılıq hətta qonşu ölkələri də heyrətləndirir. Qazaxıstandan bir turist qadın sosial şəbəkədə yazıb ki, Türkmənistanda çoxarvadlılığın geniş yayılması, yerli sakinlərin buna təəccüblənməməsi onda iz buraxıb.

Hakimiyyət üçün sirr deyil

Orta Asiyada evli kişinin ikinci qadınla dini nikahda olması geniş müzakirə olunur. Qırğızıstanda çoxarvadlılığı leqallaşdırmaq cəhdləri də olub. Amma Türkmənistanda bu problem rəsmi səviyyədə qəbul olunmur.

"Türkmənistan qapalı ölkədir. Cəmiyyətimizdə insanlar sanki bunu görmür. Bir şeyi bilirik ki, əhali poliqamiyaya dözümlü yanaşır. Bunu tamamilə aradan qaldırmaq hətta sovet dövründə belə mümkün olmayıb, amma onda açıq tənqid edilirdi. İndi poliqamiya geniş yayılıb. Bu, Türkmənistan Konstitusiyasına, beynəlxalq öhdəliklərə, qadınlar və uşaqların hüquqları haqqında konvensiyalara tamamilə ziddir", – "Proqress" Fondu və "Sağlamlıq" proqramının rəhbəri Aynabat Yaylımova AzadlıqRadiosuna deyib.

"Azatlık" yazır ki, ölkədə çoxarvadlılığın qanunsuz olmasına baxmayaraq, bu, hakimiyyət üçün sirr deyil.

"Çoxarvadlılar, əsasən, imkanlılar, nüfuzlu şəxslərdir – biznesmenlər, məmurlar, yüksək vəzifə tutanlar. Rəhbərlikdə olanların ikinci, üçüncü ailələri var", – radionun müxbiri deyir. Onun sözlərinə görə, gənc qadınların cehizi bəzən bir neçə yüz min ABŞ dolları dəyərində olur.

Səbəblər: iqtisadi çətinliklər, cəmiyyətin yanaşması

Səbəblərə gəlincə, əsasən iqtisadi çətinliklər göstərilir. Məhz çətin həyat gənc qızları, dul qadınları ikinci, üçüncü arvad olmağa vadar edir.

Bəzi qadınlar isə çoxarvadlılığa ailə qurmaq üçün "çıxış yolu" kimi baxırlar. Ölkədə qadınların sayının kişilərdən çox olduğu bildirilir.

"Bəzi qızlar 30-35 yaşınacan ərə gedə bilmirlər, sonra isə özlərindən yaşlı kişilərin ikinci, üçüncü arvadı olmağa razılaşırlar... Burada "adamlar nə deyər" anlayışı da rol oynayır. "40 yaşınacan doğmaq lazımdır" fikrini ortaya atanlar da var", – bir qadın belə deyir.

Digər səbəblər də var.

"Bəzən övladı olmayan qadınlar özləri ərlərinə başqa arvad almağa icazə verirlər, yaxud buna məcbur olurlar", – Aşqabadda bir sakin "Azatlık"a danışıb.

A.Yaylımova isə çoxarvadlılığın səbəbləri arasında patriarxal ənənələri, eləcə də bugünün miqrasiya kimi mürəkkəb sosial problemlərini sadalayır.

Bəzən xaricə işləməyə gedənlər bir müddətdən sonra elə orada ikinci ailə qururlar. Yaxud ailələrini qoyub gedən türkmənlər bəzən onlara pul göndərə bilmir, ailə çətin duruma düşür və qadın başqa iş, yaxud gəlir yeri axtarmağa məcbur olur.

Amma dini nikahlar qadınların və uşaqların hüquqlarını qorumur.

"Hətta rəsmi qeydiyyata alınmış ailələr ayrılanda bəzən uşaqlar aliment ala bilmir, dini nikah halında neyləmək olar?", – türkmən xidmətinin müxbiri sual edir.