Ukrayna bir müddətdir Rusiyanın dərinliklərində neft və qaz istehsal obyektlərinə dron zərbələri endirir. Sənaye ekspertləri bu kampaniyanın Rusiyanın emal gücünün 10 faizini sıradan çıxardığını deyirlər. Kiyev isə zərbələri intensivləşdirməyi hədəfləyir.
"10 faiz elə də böyük rəqəm deyil", – Kolumbiya Universitetinin Qlobal Enerji Siyasəti Mərkəzindən Tatyana Mitrova belə deyir.
"Amma bu, artıq Rusiyada daxili yanacaq böhranında hiss olunmağa başlayır, emal olunmuş neft məhsulları ixracı azalır, ümumilikdə neft sektorunda gərginlik yaranır", – o əlavə edir.
Ukrayna yeni uzaqmənzilli dron texnologiyasına böyük sərmayə qoyub, "Lyutıy" dronları gizli buraxılış məntəqəsindən 2 min kilometrədək məsafəyə partlayıcı daşıya bilir.
FVP dronlarla kütləvi hücumlar
Ukraynanın PUA bölmələri daha ucuz FPV dronlarla kütləvi hücumlarda da təcrübə qazanıblar.
AzadlıqRadiosunun jurnalisti Uill Tizard qeyd edir ki, hazırkı texnoloji irəliləyişlər Kiyevə, demək olar, hər gün Rusiyanın əsas neft və qaz obyektlərini vurmağa imkan verir.
Ukrayna emal zavodlarını dəfələrlə vurur, Mitrova bunu vacib strategiya sayır. Rusiya isə bu arada təmir və bərpa işləri aparır.
Kiyev Rusiyanın 38 əsas istehsal kompleksinin azı yarısına zərbə endirib. Rusiya iyuldakı gündəlik 5.4 milyon barel emal gücünü iki ay sonra 5 milyon barelə salmağa vadar olub.
Mitrova onu da vurğulayır ki, Rusiya dünyanın üçüncü ən böyük neft emalı sisteminə və böyük ehtiyat gücünə malikdir.
"Nəticələrin özünü göstərməsi illərlə çəkə bilər. Yəni Rusiya neft emalı sektorunun yaxın vaxtlarda çökməsindən danışmırıq, amma potensialının tükənməsi artıq başlayıb", – o əlavə edir.
Rusiyada istehlakçılar benzin çatışmazlığı ilə üzləşib, benzin ixracı isə qadağan olunub. Mitrovanın sözlərinə görə, Rusiya hazırda daha çox xam - daha az emal olunmuş neft ixrac edir, bu da ixrac gəlirlərini xeyli azaldır.
İlə 100 milyard dollar
Mədən yanacaqlarının Rusiyanın iqtisadiyyatında rolu böyükdür, ilə 100 milyard dollar gəlir deməkdir. Ancaq bu rəqəm bir il öncəkindən təxminən 20 faiz aşağıdır. Bunu isə Enerji və Təmiz Hava Tədqiqatları Mərkəzi kimi qurumların sənaye analitikləri bildirir.
Ukraynaya qarşı dörd ilə yaxındır gedən genişmiqyaslı işğal elə Rusiyanın xaricə qaz və neft satışları ilə maliyyələşir. Artıq bu sektor ABŞ və Aİ sanksiyalarının hədəfinə çevrilib.
Amma Rusiyanın neft və qaz sektoruna həm iqtisadi, həm də hərbi zərbələrin döyüş meydanına təsir göstərəcəyini düşünmək sadəlövhlük olardı, - Mitrova deyir. Onun fikrincə, resurslar məhdudlaşanda Rusiya ordusu, bir qayda olaraq, növbədə birinci gəlir.
Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Rusiyanın emal zavodlarına zərbələrin "ən effektiv, ən sürətli işləyən sanksiyalar" olmasından qəti əmindir.