Ukrayna prezidentinin administrasiya rəhbəri Andriy Yermak noyabrın 28-də istefa verib. Bu gün səhərdən ölkənin korrupsiyaya qarşı qurumları onun ofisində axtarış aparıb.
Prezident Volodimir Zelenski ukraynalılara videomüraciətində istefanı təsdiqləyib. O, ötən həftə Cenevrədə ABŞ ilə danışıqlarda Ukrayna nümayəndə heyətinə rəhbərlik etmiş Yermaka minnətdarlığını bildirib.
"Ukraynanın danışıqlarda mövqeyi həmişə lazımınca təqdim olunub. Bu, daim vətənpərvər mövqe olub. Amma şayiə və spekulyasiya olmasını istəmirəm", – Zelenski deyib.
Prezident əlavə edib ki, Yermakın vəzifəsinə əvəz tapmaq üçün noyabrın 29-da Baş Qərargah rəisi, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi, digər rəsmilərlə məsləhətləşmələr aparacaq.
"Gücümüz yüz faiz Ukraynanın müdafiəsinə yönəldiləcək. İndi hər kəs məhz belə davranmalıdır, dövlətimizin maraqları naminə, dövlətimizi müdafiə etməlidir. Bu prinsip dəyişmir. Amerika tərəfi ilə yaxın vaxtlarda görüşlər keçiriləcək", – Zelenski bildirib.
Milli Antikorrupsiya Bürosunun (NABU) əməkdaşları Kiyevin hökumət məhəlləsindəki yoxlama məntəqəsindən keçirlər.
Yermakın evində axtarış
Ukraynanın Milli Antikorrupsiya Bürosu (NABU) və Korrupsiyaya Qarşı İxtisaslaşdırılmış Prokurorluq (SAP) noyabrın 28-də səhər Prezident Administrasiyasının rəhbəri Andriy Yermakın evində axtarış aparıb.
"Ukrainska Pravda" yazır ki, jurnalistlər binanın ərazisinə təxminən 10 nəfər NABU və SAP əməkdaşının daxil olmasını çəkə biliblər.
Yermak da "Telegram" hesabında evində axtarış aparıldığını təsdiqləyib.
"Bu gün NABU və SAP evimdə istintaq hərəkətləri aparırlar. Təhqiqatçılara heç bir maneə yoxdur. Onlara mənzilə tam giriş verilib, vəkillərim hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edirlər. Tərəfimdən tam dəstək göstərilir", – o yazıb.
A.Yermakın adı hazırda bu iki qurumun araşdırdığı korrupsiya qalmaqalında hallanır. Enerji sektorunda mənimsəmə istintaqı fonunda iki nazir istefaya göndərilib.
NABU Ukrayna AES-lərinin operatoru "Energoatom" şirkətində genişmiqyaslı mənimsəmə sxemi vasitəsilə 100 milyon dolların leqallaşdırıldığını bildirib. Bu pulların rüşvət (otkat) şəklində siyasi dairələrə ötürüldüyü iddia olunur.
Qalmaqalda prezident Volodimir Zelenskinin keçmiş biznes ortağı Timur Mindiçin adı əsas fiqur kimi çəkilir, amma o, ölkədən çıxıb. Hazırda iş üzrə səkkiz nəfərə ittiham irəli sürülüb, onlardan beşi həbs olunub.
Təhqiqatçıların açıqladığı gizli səs yazıları şübhəlilərin kod adları ilə fəaliyyət göstərdiyini göstərir. Ali Rada üzvü həmin adlardan "Əlibaba"nın Yermaka aid olduğunu iddia edib. Deputat Yaroslav Jeleznyakın sözlərinə görə, səs yazılarında Yermakın guya NABU əməkdaşları ilə bağlı araşdırma aparmaq üçün kimliyi açıqlanmayan rəsmilərə göstərişlər verdiyi eşidilir.
Yermak korrupsiya qalmaqalı ilə bağlı şərh verməyib. Amma Zelenski T.Mindiç və maliyyəçi Aleksandr Tsukermana sanksiyalar tətbiq edib.
Semyon Krivonos
NABU rəhbəri: "Ukrayna cəmiyyətinə nə qədər vəsaitin oğurlandığını göstərməliyik"
NABU və SAP "Midas işi" üzrə qapalı mərhələdən maliyyə istintaqı mərhələsinə keçib. Bunu NABU-nun direktoru Semyon Krivonos deyib.
"İstintaq artıq qapalı mərhələdən - dinlədiyimiz, cinayətkar fəaliyyətlə bağlı sübutlar topladığımız, amma, məsələn, bankda transaksiyanı ifşa etmək üçün dövlət qurumlarına və ya xaricə sorğu göndərə bilmədiyimiz mərhələdən həqiqi, yəni maliyyə araşdırması mərhələsinə keçib", – "Ukrainska Pravda” Krivonosa istinadla yazır.
Onun sözlərinə görə, istintaq axtarışlar vaxtı yüzlərlə kompüter, telefon və s. müsadirə edib. "Energoatom"dan və digər energetika şirkətlərindən xeyli sənədlər də götürülüb. İstintaq "maraqlı sənədlər" də toplayıb.
"İndi isə bu minlərlə qeyd müsadirə etdiyimiz materiallarla tutuşdurulur. Dayanmayacağıq, bu işi sona çatdırmalıyıq. Ukrayna cəmiyyətinə nə qədər vəsaitin oğurlandığını, bu pulların nə qədərinin İsveçrədə bahalı villalara, mənzillərə, daşınmaz əmlaka, bank hesablarına çevrildiyini göstərməliyik. Və bütün bunları Ukrayna büdcəsinə qaytarmalıyıq", - NABU rəhbəri əlavə edib.