Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri saxlanılıb

Vidadi Mustafayev

Rusiyanın Yekaterinburq şəhərində Azərbaycan diasporunun yeni rəhbəri Vidadi Mustafayev saxlanılıb. "Kommersant", E1 və 66.ru onun fitnes-kluba daxil olarkən saxlanıldığını xəbər verir.

V.Mustafayevə torpaq satışı ilə bağlı dələduzluq ittihamı verildiyi bildirilir. Daha öncə onun mənzilində axtarış aparılıb.

Mustafayevdən öncə diaspor rəhbəri Şahin Şıxlinski idi. O, avqustda qətldə və hakimiyyət nümayəndəsinə zor tətbiq etməkdə şübhəli bilinərək həbs olunub. İyulda isə onun oğlu Mütvəli saxlanılıb.

Bütün bunlar iyunun sonunda Yekaterinburqda etnik azərbaycanlılara qarşı zorakı reydlərdən sonra baş verib. 50-dən çox azərbaycanlı saxlanılıb, iki azərbaycanlı ölüb. Rusiya İstintaq Komitəsi Ziyəddin və Hüseyn Səfərov qardaşlarının ürək çatışmazlığından öldüyünü bildirib. Amma Azərbaycanın məhkəmə-tibbi ekspertləri ölümlərə çoxsaylı xəsarətlərin səbəb olduğunu müəyyənləşdirib.

Reydlərin 10-20 il öncə törədilmiş sifarişli qətllərin üstünün açılması işi çərçivəsində keçirildiyi bildirilib.

Bu hadisələr Bakı ilə Moskvanın münasibətlərində diplomatik gərginlik fonunda baş verib. Ötən ilin dekabrında AZAL-ın sərnişin təyyarəsinin Qroznı üzərində vurulmasından sonra əlaqələrdə gərginlik yaranıb. Rəsmi Bakı Moskvadan üzrxahlıq, kompensasiya, günahkarların cəzalandırılmasını tələb edib. Nəhayət, bu il oktyabrın 9-da Azərbaycan və Rusiya prezidentlərinin Düşənbədə görüşü tərəflər arasında barışıq kimi dəyərləndirilib. Vladimir Putin İlham Əliyevə dekabrdakı qəzadan sonra zəngində üzr istədiyini xatırladıb, kompensasiya ödəniləcəyini deyib.

Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev noyabrın 30-da Brüsseldə "EU Today" və bir qrup jurnalistə müsahibəsində deyib ki, Bakı Moskva ilə "anlaşılmazlıqlar səhifəsini çevirib": "Azərbaycan Rusiyadan AZAL aviaşirkətinin vurulan təyyarəsinə görə rəsmi üzr istənilməsini, hərtərəfli araşdırma aparılmasını, günahkarların məsuliyyətə cəlb edilməsini və kompensasiya ödənilməsini gözləyirdi. Bu məsələlər həllini tapdığından biz anlaşılmazlıqlar səhifəsini çevirmişik və iki ölkə arasında normal qonşuluq münasibətlərini davam etdiririk".