Dünya xəbərləri
Ermənistanda meşə yanğınları davam edir
Noyabrın 25-də Ermənistanda yüzlərlə yanğınsöndürən, polis əməkdaşı, sıravi vətəndaşlar meşə yanğınlarını söndürməyə çalışıblar. Ölkədə havaların qeyri-adi isti keçməsi yanğınları gücləndirib.
Yanğınlar ötən həftəsonu ölkənin şərqi Geğarqunik vilayətinin Ttucur kəndi ətrafındakı dağ otlaqlarında başlayıb. Daxili İşlər Nazirliyi (DİN) noyabrın 24-də həmin ərazidə yanğının, əsasən, söndürüldüyünü, amma 80 hektaradək otlaq sahəsinin yandığını açıqlayıb.
Son günlər Geğarqunikin digər yerlərində, ölkənin daha beş vilayətində də yanğınlar baş verib. Ən təhlükəlisi isə şimal-şərqi Tavuş vilayətinin meşəlik ərazilərində müşahidə olunub.
Noyabrın 25-də Tavuşun Navur kəndinin cəmi bir neçə kilometrliyində yanğın şiddətlənib, kənd sakinləri də yanğınsöndürənlərə qoşularaq alovu söndürməyə çalışıblar. Kənd başçısı Mher Niqoyan AzadlıqRadiosunun erməni xidmətinə deyib ki, səylərə baxmayaraq, yanğın böyüyüb: "Hazırda hava çox istidir və bu şəraitdə yanğını söndürmək çətindir".
DİN sözçüsü Narek Sarkisyan deyib ki, ümumilikdə 1830 yanğınsöndürən, polis və meşə təsərrüfatı işçisi Ermənistanda son illərin ən böyük meşə yanğınları ilə mübarizə aparır. Onlara Ermənistan ordusuna məxsus helikopter də yardım göstərir, yanan otlaq və meşə sahələrinə su tökür.
Nazirlik yanğınların əsas səbəbi barədə şərh verməyib. Kənd sakinlərini quru ot, bitki və yarpaqları yandırmamağa çağıran video yayıb.
Krasnodar məhkəməsi azərbaycanlı biznesmenin aktivlərini milliləşdirib
Rusiyanın Krasnodar diyarında arbitraj məhkəməsi həbs edilmiş azərbaycanlı biznesmenin aktivlərini, o cümlədən Tuapse dəniz limanını milliləşdirib. "Kommersant" yazır ki, məhkəmə Şahlar Novruzovun aktivlərini dövlət nəfinə keçirib.
Milliləşdirilən aktivlər arasında "Tuapse Dəniz Kommersiya Limanı" MMC-nin (TMKP) nizamnamə kapitalındakı 100% pay, "TMKP Müəssisəsi", Temryuk dəniz yükləmə terminalı və "Dar Frut" şirkətinə məxsus obyektlər var.
İstintaqın versiyasına görə, Tuapse limanı ərazisindəki körpü və bir neçə bina 1994-cü ildən qanunsuz sövdələşmələr nəticəsində Novruzovun, eləcə də digər cavabdehlərin nəzarətinə keçib. Onlar "İnjtransstroy" korporasiyasının meneceri Oleq Basin və Britaniyanın Vircin adalarında qeydiyyatdan keçmiş "Vonixel Limited" şirkətidir.
Tuapse Dəniz Kommersiya Limanı (TMKP) və "TMKP Müəssisəsi" əsasən Türkiyədən gətirilən meyvə-tərəvəz məhsullarını konteynerlərlə qəbul etməklə məşğuldur.
Ş.Novruzov Krasnodarda "Köhnə Bakı" restoranının, TMKP-nin, "Dar Frut"un, "Podqornı" kənd təsərrüfatı kooperativinin sahibidir. O, həmçinin "Kubanprodukt" MMC-nin keçmiş baş direktorudur. Bu şirkət hazırda onun qardaşı Ramin Novruzova məxsusdur. 2024-cü ildə biznesmenin bütün şirkətlərinin ümumi gəliri təxminən 279 milyon rubl (3.5 milyon ABŞ dolları) təşkil edib.
Novruzov sentyabrın əvvəlində xüsusilə irimiqyaslı dələduzluq işi üzrə həbs edilib.
Tailandda kremasiyaya gətirilən qadının tabutda sağ olduğunu görüblər
Tailandda kremasiya üçün məbədə gətirilən qadın tabutun içində hərəkət etməyə başlayıb.
AP yazır ki, Banqkokun kənarında yerləşən bir buddist məbədi özünün Facebook səhifəsində video yayıb. Pikap maşınının arxa hissəsində ağ tabutda bir qadın görünür, o, qollarını və başını yüngülcə tərpədir.
65 yaşlı qadını məbədə maşınla qardaşı bir əyalətdən gətiribmiş.
Məbədin meneceri agentliyə deyib ki, tabutdan zəif taqqıltı səsi eşidərək onu açıblar. Qadının gözlərini azacıq açdığını, tabutun yanını taqqıldatdığını görüblər.
Qadının qardaşı deyib ki, bacısı təxminən iki ildir yataq xəstəsidir, iki gün öncə nəfəs almadığı görüb. Onu tabuta qoyub, 500 kilometrlik yol gedərək Banqkokdakı xəstəxanaya aparıb. Qadın orqanlarını bağışlamaq istədiyini deyibmiş. Amma xəstəxana rəsmi ölüm şəhadətnaməsi olmadığı üçün qadını qəbul etməyib.
Sözügedən məbəd pulsuz kremasiya xidməti göstərdiyindən qardaş onlara müraciət edib, lakin yenə də sənəd olmadığı üçün məbəd qadını qəbul etməyib. Ölüm şəhadətnaməsinin necə almağı izah edəndə tabutdan səs gəlib. Bundan sonra onları yaxınlıqdakı xəstəxanaya göndəriblər. Məbəd qadının xəstəxana xərclərini ödəyəcəyini bildirib.
Tramp administrasiyası Bayden dövrü qaçqınlarını yenidən araşdıracaq
ABŞ prezidenti Donald Tramp administrasiyası keçmiş prezident Co Bayden dövründə ölkəyə gəlmiş bütün qaçqınları yenidən araşdıracaq. "Reuters" gördüyü daxili hökumət memorandumunu "misilsiz qərar" adlandırır. Agentlik yazır ki, bu, ABŞ-yə sığınmış minlərlə insanla bağlı işlərin yenidən açılmasına səbəb ola bilər.
Memorandumu ABŞ vətəndaşlıq və immiqrasiya xidmətinin (USCIS) direktoru Co Edlou imzalayıb. Qərar 2021-ci il yanvarın 20-dən 2025-ci il fevralın 20-dək gəlmiş 233 minədək qaçqına aid edilir. Bayden dövrü qaçqınlarının daimi yaşayış üçün müraciətlərinin işlənməsi də dayandırılır.
USCIS şərh üçün müraciətə cavab verməyib.
Respublikaçı Tramp yanvarda prezident postuna keçincə, dünyanın müxtəlif yerlərindən ölkəyə qaçqın qəbulunu dondurub. Bayden administrasiyası isə 2024-cü maliyyə ilində 100 mindən çox qaçqın qəbul edib.
USCIS memorandumunda deyilir ki, ABŞ-də olan insanların qaçqın meyarlarına cavab vermədiyi müəyyən edilərsə, onların qaçqın statusu ləğv olunacaq. İddia olunur ki, Bayden administrasiyası sürət, say göstəricilərini keyfiyyətli müsahibələrdən, detallı təhlükəsizlik yoxlamalarından üstün tutub.
Tramp oktyabrın sonlarında 2026-cı maliyyə ili üçün qaçqın qəbul limitini 7 min 500 nəfər təyin edib ki, bu da rekord dərəcədə azdır. Üstəlik, ağdərili cənubi afrikalıların qəbuluna üstünlük veriləcəyi açıqlanıb.
Demokratlar qaçqın proqramının belə kəskin kiçildilməsini tənqid edirlər.
İsrail 'Hizbullah'ın hərbi liderini öldürdüyünü bildirir
İsrail bazar günü – noyabrın 23-də Beyrutun cənubuna hava zərbəsi ilə "Hizbullah" qruplaşmasının hərbi liderini öldürdüyünü bildirir.
ABŞ və İsrail "Hizbullah"ı terror təşkilatı kimi tanıyır. Amma bu qruplaşma Livanda qanuni siyasi qüvvə kimi fəaliyyət göstərir.
İsrail ordusunun bəyanatına görə, Livan ətrafına zərbələrdə "Hizbullah"ın baş qərargah rəisi Əli Təbatəbaini hədəfə alıb.
"Hizbullah" da bəyanatında Təbatəbainin ölümünü təsdiqləyib, onu "ən böyük cihadçı komandir" adlandırıb. "Hizbullah" rəsmisi Mahmud Qmati İsrailin zərbəsinin qırmızı xətti keçdiyini, qruplaşmanın cavab verəcəyini bildirib.
Çoxmərtəbəli binaya dəyən zərbədə beş nəfər öldürülüb, 28 nəfər yaralanıb.
ABŞ 2016-cı ildə Təbatəbaiyə sanksiyalar tətbiq edib, onun barəsində informasiya üçün 5 milyon dollar vəd edib.
İsrailin baş naziri Benyamin Netanyahu televiziya ilə qısa bəyanatında deyib ki, İsrail "Hizbullah"ın qüvvələrini yenidən qurmasına icazə verməyəcək, Livan hökumətindən qruplaşmanın tərksilah olunması öhdəliyini yerinə yetirməsini gözləyir.
Livan prezidenti Cozef Aun beynəlxalq ictimaiyyəti İsrailin hücumlarını dayandırmağa çağırıb.
Bir həftədən sonra Papa Leonun Beyruta səfəri gözlənilir.
Son aylar ilk dəfədir İsrail Beyrutu vurur. 2023-2024-cü illərdə İsraillə "Hizbullah" arasında konflikt kəskinləşib, sonradan atəşkəs əldə olunub. Amma İsrail o vaxtdan Livana gündəlik zərbələri davam etdirir, "Hizbullah"ın silah anbarlarını, döyüşçülərini hədəfə aldığını bildirir.
İsrail qruplaşmanın rəhbərliyini, ovaxtkı lideri Həsən Nəsrullahı məhv edib.
Belarus 31 ukraynalını azad edib
Belarusun avtoritar lideri Aleksandr Lukaşenko 31 ukraynalı vətəndaşı əfv edərək azadlığa buraxıb. Bu, ABŞ prezidenti Donald Trampla əldə edilmiş razılaşmanın tərkib hissəsi olaraq gerçəkləşib.
Ukraynanın məhbus mübadiləsi üzrə koordinasiya komitəsi noyabrın 22-də Belarus rəsmilərindən mülki şəxsləri təhvil aldıqlarını bildirib.
"Belarusda saxlanılan və iki ildən 11 ilədək müxtəlif həbs cəzalarına məhkum edilmiş qadın və kişilər Ukraynaya qayıdırlar", – komitə Telegram-da yazıb və ABŞ prezidenti Trampa təşəkkür edib.
Həmin şəxslərin hansı ittihamlarla saxlanıldığı aydın deyil. Ukrayna rəsmiləri onların "Ukraynayönlü mövqeyinə görə saxlanılan, Ukraynaya kömək etməkdə günahlandırılan mülki qadın və kişilər" olduğunu bildirib.
Lukaşenko Rusiya prezidenti Vladimir Putinin yaxın müttəfiqidir. O, son bir ildə Qərblə münasibətləri yaxşılaşdırmaq məqsədilə bir neçə dəfə məhbusların buraxılmasına razılıq verib.
Belarus lideri bununla Qərbin sanksiyaları yumşaldacağına ümid edir. Sanksiyalar isə onun Rusiyanın 2022-ci ilin fevralında Ukraynanın tammiqyaslı işğalında dəstəyinə görə tətbiq edilib.
Daha öncə azadlığa çıxan məhbuslar işgəncə və pis rəftar hallarından danışıblar.
Tramp isə daha çox məhbusun azad edilməsi niyyəti ilə Belarus üzrə xüsusi elçi təyin edib.
ABŞ prezidenti avqustda Lukaşenko ilə telefonla danışaraq çoxlarını təəccübləndirib. O, sentyabrda bildirib ki, ölkənin saxladığı yüzlərlə siyasi məhbusun bir çoxunun azad ediləcəyinə inanır.
"Onların 1400-dən (Belarusdakı siyasi məhbus sayı) çoxunu azad edəcəklərinə inanıram", – Tramp sentyabrın 5-də jurnalistlərə deyib, bunun yaxın gələcəkdə baş verə biləcəyini əlavə edib.
UNESCO siyahısına salınmış Hirkan meşələri yanır, İran yardım istəyir
2019-cu ildən UNESCO-nun Ümumdünya İrs Siyahısına salınmış qədim Hirkan meşələrində yanğın üç həftədir davam edir. İran beynəlxalq yardım istəyib.
Yanğın oktyabrın 31-də Mazandaran vilayətinin Elit kəndi yaxınlığında başlayıb. Hələlik yanğını söndürmək mümkün olmayıb. Hirkan meşələri dünyada ən qədim və ən çox biomüxtəlifliyə malik ekosistemlərdən biridir.
İran prezidenti Məsud Pezeşkianın müavini Məhəmməd Cəfər Qaimpənah noyabrın 21-də X platformasında yazıb ki, "dost ölkələrdən tez bir zamanda yardım istəmək üçün hazırlıqlar görülüb".
Qaimpənah hansı ölkələrin nəzərdə tutulduğunu yazmayıb. İranın Ətraf Mühit İdarəsinin rəhbəri Şina Ənsari daha sonra bildirib ki, Türkiyə yanğınların söndürülməsinə yardım üçün iki xüsusi su təyyarəsi, bir helikopter və səkkiz nəfərlik heyət göndərəcək. Ənsari əlavə edib ki, lazım gələrsə, İran Rusiyadan da yardım istəyə bilər.
Rəsmilərin iddiasına görə, yanğın bir neçə gündən sonra nəzarət altına alınıb, amma bir həftə öncə ikinci dəfə alovlanıb.
Ekoloji fəallar, yerli sakinlər isə yanğının üç həftədir fasiləsiz davam etdiyini, heç vaxt tam söndürülmədiyini bildirirlər. Çətin relyef, qeyri-adi isti hava, quru yarpaqların, yıxılmış ağacların topalanması yanğının davamlılığına və yayılmasına səbəb olur.
İnternetdə yayılan gecə görüntüləri dağıntının miqyasını və fövqəladə hal qrupları ilə könüllülərin alovlarla ağır mübarizə apardığını göstərir.
Mazandaranın Təbii Sərvətlər İdarəsinin rəhbəri Mehrdad Xəzai-Pul yanğının əsas səbəbini insan səhlənkarlığı ilə əlaqələndirib, təbii amillərin əsas səbəb olmadığını deyib: "Təəssüf ki, bəziləri ehtiyatsız davranaraq yanğına səbəb olub".
Hirkan meşələrinin təxminən 660 min hektar Mazandaran vilayətində yerləşir. Xəzər dənizinin cənub sahilləri boyunca uzanan meşələrin yaşı 40 milyon ildən çoxdur. UNESCO-nun məlumatına görə, burada 500 ilədək yaşı olan ağaclar var.
Ternopolda Rusiyanın zərbəsindən ölənlərin sayı 31-ə çatıb
Artıq üçüncü gündür Rusiyanın Ternopolda çoxmərtəbəli yaşayış binasına zərbəsindən sonra axtarış-xilasetmə işləri gedir. Hücum nəticəsində həlak olanların sayı 31-ə çatıb.
Xilasedicilər dağıntılar altından daha üç nəfərin – bir qadının və iki uşağın meyitini çıxarıblar.
Bu haqda Ukrayna Milli Polisi məlumat yayıb.
Həlak olanların altısı uşaqdır, 90-dan çox xəsarət alan var, onların arasında 18 uşaq var.
Polisin həlak olanların şəxsiyyətinin müəyyənləşdirildiyini, hələ də itkin düşənlərin axtarışının getdiyini bildirir.
Noyabrın 19-na keçən gecə Rusiya ordusu Ukraynanın qərb bölgələrinə zərbələr endirib. Ternopolda doqquzmərtəbəli yaşayış binası qismən dağılıb, digər doqquzmərtəbəli binada yanğın olub. Ukrayna binaya Rusiyanın X-101 raketinin düşdüyünü bildirir.
19 noyabr
Ukrayna Rusiyaya ATACMS raketləri ilə hücum etdi
Ukrayna noyabrın 18-də Voronejə ABŞ istehsalı olan dörd uzaqmənzilli ATACMS raketi ilə zərbə endirib. Bunu Rusiyanın Müdafiə Nazirliyi (MN) bildirir.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bir gün öncə bildirmişdi ki, Rusiyanın ərazisində bir hərbi obyektə zərbə endirmək üçün ATACMS-dən istifadə olunub. Bu, müharibə başlayandan bəri ilk belə haldır. Qurum neçə raketin buraxıldığını, hansı istiqamətdə atıldığını dəqiqləşdirməyib.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, bütün raketlər vurulub, yerə düşən qalıqlar uşaq evinin, herontologiya mərkəzinin və şəxsi evin damlarına ziyan vurub. Rusiya MN vurulduğu bildirilən raketlərin qalıqlarının fotolarını dərc edib.
Qurum Xarkov vilayətində ATACMS raketlərinin buraxılış qurğularının cavab zərbəsi ilə məhv edildiyini bildirib. Amma bu məlumat müstəqil təsdiqlənməyib
İndiyədək Ukrayna bu raketlərlə Rusiyanın işğal etdiyi ərazilərə zərbələr endirib.
ABŞ 2023-cü ildən Ukraynaya ATACMS uzaqmənzilli ballistik raketlər verir. O zaman Vaşinqton Ukraynanın Rusiya ərazisini vurmasına qadağa qoymuşdu, bu qadağa sonradan aradan qaldırıldı. 2025-ci ilin sentyabrında ABŞ prezidentinin xüsusi elçisi Kit Kelloq Ukraynanın Rusiyanın dərinliyinə zərbələr endirə biləcəyini təsdiqləmişdi.
Qazaxıstanda 'rusofobiya ilə mübarizəçi' məhkum edilib
Qazaxıstanın Kokşetau şəhərindən bloqer, "şimallı qazax" ləqəbli Aslan Toleqenov milli ədavəti qızışdırmaq və saxta məlumatlar yaymaq maddələri üzrə 3 il 9 ay həbsə məhkum edilib.
O, sosial şəbəkələrdə və YouTube kanalında Qazaxıstanın Rusiya ilə əlaqələrini möhkəmləndirməyə çağırır, Qərb mövzularını dəstəkləməməyi təbliğ edirdi. Deyirdi ki, Qazaxıstan strateji baxımdan Rusiyaya yönəlsə, ölkədə təhlükəsizlik, sabitlik və ardıcıl inkişaf olar. O, iki ölkə arasında ortaq mədəni dəyərlərdən, iqtisadi əməkdaşlığın qarşılıqlı faydasından danışırdı.
Videolarından birində Toleqenov deyib ki, onun ana dili rus dilidir və Rusiyaya Orta Asiyada iqtisadiyyatın, elm və mədəniyyətin inkişafına görə təşəkkür edib. Rusiya təbliğat mediası bloqeri "Qazaxıstanda rusofobiya" mövzusunda müsahibələrə dəvət edib.
"Fikrimcə, bloqerlərdən kütləvi informasiya vasitələrinə qədər bu istiqamətdə texniki provokasiyalarla Rusiyaya və ruslara qarşı nifrəti artırmağa çalışırlar", –Toleqenov bildirib.
Toleqenovun qapalı keçən məhkəmədə günahını etiraf etdiyi bildirilir.
AzadlıqRadiosunun qazax xidməti hökmün sosial şəbəkələrdə fəal müzakirə olunduğunu yazır. Deputat Ermurat Bapi cəzanı yüngül sayır. Bloqerin tərəfdarları isə Qazaxıstan hakimiyyətini onu azad etməyə çağırırlar. Onlar "şimallı qazaxa azadlıq" həştəqi ilə Toleqenova dəstək videoları paylaşırlar.
Qazaxıstan Cinayət Məcəlləsinin 174-cü maddəsi milli ədavəti qızışdırmağa görə cəza nəzərdə tutur və ölkənin iki ən böyük etnik qrupu olan qazaxlara, həm də ruslara qarşı təhqiredici ifadələrə qarşı tətbiq olunur.
Noyabrın 3-də Karaqanda məhkəməsi 22 yaşlı Alika Muxamadiyevanı qazaxlar və müsəlmanlar haqqında təhqiredici şərhlərə görə 3 il yarım müddətinə həbsə məhkum edib. Azyaşlı övladı olduğuna görə cəza təxirə salınıb.
Bu ilin iyununda isə Şimali Qazaxıstan vilayətində hamilə Jansla Darxambayeva 2 il həbs cəzasına məhkum edilib. Onun TikTok-da Rusiya prezidenti Vladimir Putini Qazaxıstan torpaqlarını qaytarmağa çağırdığı və rusları təhqir etdiyi bildirilir.
Gerasimov Kupyanskın tutulduğunu deyir, Ukrayna təkzib edir
Rusiya Silahlı Qüvvələrinin baş qərargah rəisi Valeri Gerasimov Xarkov vilayətindəki Kupyansk şəhərinin "azad olunduğunu" bildirib, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı isə bu iddianı təkzib edib.
Gerasimov noyabrın 20-də "Qərb" qoşun qruplaşmasının komanda məntəqələrindən birində prezident Vladimir Putinə məruzə edib. Baş qərargah rəisi bildirib ki, Rusiya hərbçiləri Kupyanskı və Xarkov vilayətinin Volçansk şəhərinin 80 faizindən çoxunu "azad ediblər". Bundan əlavə, Gerasimov Pokrovsk ərazisinin 70-75 faizindən çoxunun Rusiyanın nəzarətində olduğunu iddia edib.
Ukrayna Baş Qərargahı isə Kupyanskın hələ də Ukrayna Müdafiə Qüvvələrinin nəzarəti altında olduğunu bildirib. Ukrayna ordusuna görə, "şəhər və onun ətraflarında düşmənin şəhərə sızmış diversiya-kəşfiyyat qruplarının aşkarlanması və zərərsizləşdirilməsi üçün əks-diversiya tədbirləri və xüsusi əməliyyatlar davam edir".
"Yampolda da oxşar vəziyyət müşahidə olunur. Yaşayış məntəqəsi yaxınlığında qoşunlarımızın axtarış-zərbə əməliyyatları davam edir. Xarkov vilayətində Volçanskın guya 80 faizinin və Pokrovskun 70 faizinin ələ keçirilməsi barədə bəyanatlar da həqiqətə uyğun deyil", – Ukrayna Baş Qərargahı bildirir.
Türkiyədə mərc oyunları üzrə istintaq genişlənir
Türkiyənin futbol liqalarında daxili mərc oyunları ilə bağlı istintaqın daha da genişlənəcəyi gözlənir. Noyabrın 20-də prokuror məşqçilərin, şərhçilərin, klub başçılarının da istintaqa cəlb olunacağını bildirib.
Peşəkar liqalarda bəzi rəsmilərin oyunlara mərc qoyduğu açıqlanandan sonra Türkiyə Futbol Federasiyası (TFF) noyabrın əvvəlində 149 hakim və hakim köməkçisini vəzifədən çıxarıb.
Ötən həftə əməliyyat genişlənib, yüksək liqa klublarından birinin rəhbəri daxil səkkiz nəfər həbs olunub. Federasiya bütün liqalardan mindən çox oyunçunu uzaqlaşdırıb. İkinci və üçüncü liqalarda oyunlar iki həftəlik dayandırılıb.
"Növbəti günlərdə yeni bir əməliyyat keçirə bilərik. Futbolumuzu tam təmizləmək istəyirik", – İstanbulun baş prokuroru Akın Gürlek NTV-yə deyib. O, Türkiyənin UEFA, İnterpol ilə əməkdaşlıq etdiyini söyləyib. Hakimiyyət orqanları Monteneqro, Kipr və Gürcüstanda qeyri-qanuni qumar oynamaqda şübhəli bilinən türkiyəliləri də izləyir. Prokuror hazırda türkiyəli şübhəlilərin qeyri-qanuni mərc üçün yararlandığı xarici mərc platformalarından cavab gözlədiklərini əlavə edib.
TFF məsələni şərh etməsə də, federasiya prezidenti İbrahim Hacıosmanoğlu etiraf edib ki, "türk futbolunda mənəvi böhran" yaşanır.
Federasiyanın araşdırması üzə çıxarıb ki, Türkiyənin peşəkar liqalarındakı 571 hakimdən 371-nin mərc hesabı var.
Türkiyənin idman intizamı qaydalarına görə, oyunun nəticəsinə, gedişatına təsir göstərməkdə və ya bunun üçün ödəniş almaqda təqsirli bilinən şəxslər idmandan ömürlük uzaqlaşdırılır. Bu pozuntuları klub rəhbərləri törədirsə, klub təmsil edildiyi liqadan kənarlaşdırılır, məsuliyyət daşıyanlar cərimələnir.
Rusiya dronu AzadlıqRadiosu jurnalistinin də olduğu evakuasiya avtomobilini vurub
Noyabrın 20-də səhər Rusiya dronu Donetsk vilayətinin Liman şəhərinə dinc sakinləri çıxarmağa gedən evakuasiya maşınına zərbə endirib.
Avtomobildə AzadlıqRadiosunun layihələrindən biri "Donbass Reallii" müxbiri Sergey Qorbatenko, iki polis əməkdaşı və "Plain Compassion Crisis Response" humanitar təşkilatının amerikalı könüllüsü olub.
Hücum nəticəsində sükan arxasında olan amerikalı könüllü üzündən qəlpə yaraları alıb.
"Gedirdik və qəfildən səs eşitdik. Nə baş verdiyini tam anlamadım. Mən ABŞ-dəyəm, buraya insanları çıxarmağa gəlmişik. İndi bir az çaşqınam", – könüllü Devon Masser ilkin tibbi yardımdan sonra deyib.
Avtomobil tamamilə yanıb.
AzadlıqRadiosunun macar xidməti bağlanır
Azad Avropa/Azadlıq Radiolarının (RFE/RL) macar xidməti 21 noyabr gecəyarıdan bağlanır. Bu xidmət beş il öncə macarıstanlılara dəqiq və müstəqil xəbərlər çatdırmaq üçün bərpa olunmuşdu.
Xidmət izləyicilərinə müraciətində bildirir ki, komandası "Macarıstandakı auditoriyanı müstəqil jurnalistika ilə təmin etməkdən ötrü fədakarlıqla çalışıb".
Xidmətin hazırladığı kontent onlayn əlçatan qalacaq.
"Oxucularımızın bizə göstərdiyi etimada, diqqətə və dəstəyə görə dərin minnətdarlıq hissi duyuruq", – bəyanatda deyilir.
AzadlıqRadiosunun prezidenti və baş icraçı direktoru Stiv Kapus macar xidməti jurnalistlərinin işini yüksək qiymətləndirib: "Onların peşəkarlığı, fədakarlığı və missiyamıza sarsılmaz töhfəsi uğurumuza mənalı təsir göstərib, onların bu quruma gətirdiyi hər bir şeyə görə dərin minnətdarıq".
Macar xidməti 2020-ci ildə ABŞ Konqresinin tapşırığı ilə bərpa olunub. Daha öncə əvvəl xidmət 1950–1993-cü illərdə fəaliyyət göstərib.
AzadlıqRadiosu daxil ABŞ-nin maliyyələşdirdiyi yayımçılara nəzarət edən ABŞ Qlobal Media Agentliyi (USAGM) noyabrın 5-də Konqresə radionun macar xidmətini bağlamaq niyyətini bildirib. Xidmət 2025-ci il noyabrın 21-dən bağlanır.
"Yeni fəaliyyətimizin ilk günündən auditoriyanın diqqətinə və dəstəyinə görə minnətdarıq. Onlara unikal və orijinal hekayələr təqdim etmək bizdən ötrü şərəf olub", – macar xidmətinin rəhbəri Tibor Voveş belə deyib.
Nyu-Yorkda uşaqları zəhərli konfetlə öldürmək istəyən gürcüstanlı özünü təqsirli bilib
Gürcüstan vətəndaşı Mixeil Çxikvişvili Bruklin Federal Məhkəməsində nifrət cinayətlərinə çağırış, bomba və ritsin zəhərinin hazırlanması təlimatlarını yaymaqda özünü təqsirli bilib. O, ağ irqin üstünlüyünü təbliğ edən, zorakı ekstremist "Maniac Murder Cult" (Manyak Qətl Kultu) təşkilatının liderlərindən biridir. Məlumatı ABŞ Ədliyyə Nazirliyi yayıb.
Məlumata görə, Çxikvişvili "Mişka", "Mixeil", "Qəssab komandir" və "Qəssab" ləqəbləri ilə tanınıb. O, yəhudi icmasına və irqi azlıqlara qarşı partlayışlar, zəhərlənmə hücumlarının təşkili üçün başqalarını cəlb edib. Çxikvişvili Nyu-Yorkda çoxsaylı qurbanlara səbəb olacaq terror aktının planlaşdırılmasında, buna təhrikdə də ittiham olunur.
Çxikvişvili 2024-cü ilin iyulunda Moldovada saxlanılıb, bu ilin mayında ABŞ-a ekstradisiya edilib.
Federal Təhqiqatlar Bürosunun (FTB) rəhbəri Keş Patel deyib ki, o, "yəhudilərə və irqi azlıqlara qarşı dəhşətli qəsd planında iştirakını qəbul edib, hətta bayramlarda uşaqları zəhərli konfetlərlə öldürməyi planlaşdırıb".
ABŞ Ədliyyə Nazirliyi Çxikvişvilinin 2022-ci ilin iyunundan Bruklində yaşadığını bildirir. Onun Nyu-Yorkda kütləvi zorakılığa təhrik etdiyi şəxslərdən biri FTB-nin gizli agenti olub.
İttiham aktına görə, Çxikvişvili 2023-cü ilin noyabrında Yeni il ərəfəsində Nyu-Yorkda kütləvi qırğın törətmək üçün terror aktını planlaşdırmağa başlayıb. Plana əsasən, icraçılardan biri Santa Klausa bənzər geyimdə irqi azlıqlara zəhərli konfetlər paylamalı idi.
Ədliyyə Nazirliyi Çxikvişvilinin dünya üzrə bir neçə hücum və qətlə səbəb olduğunu bildirir. Bu ilin yanvarında Tennessi ştatının Neşvil şəhərində 17 yaşlı məktəbli bir nəfəri öldürüb, birini yaralayıb və sonra intihar edib; hücum onlayn yayımlanıb, cinayətkarın manifestində Çxikvişvili və "Maniac Murder Cult"a istinad olunub. 2024-cü ilin avqustunda isə Türkiyənin Əskişəhir şəhərində bir şəxs məscidin yaxınlığında beş nəfərə bıçaqla xəsarət yetirib; o, nasist simvollu taktiki jilet geyinib, Çxikvişvilinin "Nifrətçinin təlimatı"nı və digər zorakılığı təşviq edən materiallar yayıb.
ABŞ Ədliyyə Nazirliyi Çxikvişvilini maksimum 40 il həbs cəzası gözlədiyini bildirib.
İspaniya 'Meta' ilə bağlı araşdırma aparacaq
İspaniya hökuməti "Facebook" və "Instagram"ın sahibi "Meta" şirkətinin istifadəçilərin gizliliyini pozub-pozmadığını araşdıracaq. Ölkənin baş naziri Pedro Sançes noyabrın 19-da belə bir açıqlama verib.
Sançesin ofisinin bildirdiyinə görə, araşdırma bir neçə beynəlxalq tədqiqat mərkəzinin apardığı tədqiqatlara əsaslanır. Belə ki, şirkətin "Android" cihaz istifadəçilərinin internet fəaliyyətini izləmək üçün gizli mexanizmdən istifadə etdiyi iddia olunur.
"İspaniyada qanun hər hansı alqoritmdən və ya böyük texnologiya platformasından üstündür. Hüquqlarımızı pozan hər kəs bunun nəticəsinə qatlanacaq", – Sançes deyib.
Hökumətin mövqeyinə görə, "Meta" şirkəti təhlükəsizlik və məxfiliklə bağlı Avropa İttifaqının məlumatların qorunması üzrə ümumi qaydalarını (GDPR), bəzi digər qanunları pozmuş ola bilər.
"Meta" ölkənin aşağı palatasının komitəsi qarşısında ifadə verməyə çağırılacağı açıqlanıb.
Şirkətin bu açıqlamaya münasibəti bəlli deyil. Amma "Meta" indiyədək istifadəçi datasını qaydalara uyğun idarə etdiyini bildirib.